"Yuxarıdakı Qonşu"

           Balaca qız oynamasını dayandırmışdı. Buna səbəb anasının onu danlaması idi. Balaca özü də bunun nə üçün baş verdiyini bilmirdi. Amma anasının dediyinə görə yuxarıdakı qonşu onun belə oynamasını bəyənmirmiş və balacanın oynamağı onu narahat edirmiş. Balaca düşünürdü, axı yuxarıdakı qonşu onun oyunlarından niyə narahat olmalı idi? Həm də o heç vaxt yuxarıdakı qonşunu görməmişdi. Onu sadəcə evdəkilərin deməyi ilə tanımışdı və onlar deyirdilər ki, o çox yaxşı biridi. Həmişə onların köməyi olur, ürəyiaçıqdır. Amma balacanın oynaması onu narahat etmişdi.
           Balaca Məryəmin ailəsi 10 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdı. Yuxarıdakı qonşu isə 10-cu mərtəbədə qalan, adını heç kimin dəqiq bilmədiyi, hər kəsin fərqli müraciət etdiyi bir insan idi. Onu görən olmamışdı, amma deyilənlərə görə hər zaman tək yaşayıb. Məhəlləyə ilk köçən də məhz o olub. Ona görə də məhəllədə kim yaşayırdısa hamısını çox yaxşı tanıyırdı. Və deyilənlərə görə məhəllədə olan-bitən hər hadisədən xəbəri var imiş. Məhəllədəki heç kim 10-cu mərtəbəyə qalxıb o insanla söhbət etməmişdi. İstəyənlər olmuşdusa da məhəllənin başbilənləri buna icazə verməmişdilər ki, bu onun xoşuna gəlməz. Halbuki heç başbilənlər özləri də həmin insanla söhbətləşməmişdilər. Məhəllənin ən qədim sakini olduğu üçün məhəllə sakinləri onun hörmətini saxlayır və dediylərini edirdilər. Dedikləri deyəndə, yəni məhəllə başbilənlərinin onun adından dediklərini. Məhəllə sakinləri də onların dediklərinə əməl edirdilər. Çünki əməl etməsəydilər bu, yuxarıdakı qonşunun xoşuna gəlməzdi və onlar məhəllə qaydalarını pozduqları üçün məhəllədən köçməyə məcbur edilərdilər.
         Əslində, ilk vaxtlar vəziyyət yaxşı idi, hər kəs məhəllədə xoş,firavan yaşayırdı. Vaxt keçdikcə məhəllədə ciddi qanunlar qəbul edilməyə başlanıldı. Məhəllə başbilənləri məhəllənin kommunal xərclərini dövlət məmurlarının yox, özlərinin yığmalarının daha doğru olacağını bildirdilər. Çünki yuxarıdakı qonşu puldan yaxşı anlayırdı və bu işi yerinə yetirməyi onlara tapşırmışdı. Tədricən bu kommunal xərclər artmağa başlamışdı. Narazılıq olardısa başbilənlər “yuxarıdakı qonşu bir şey bilirki belə edir” deyərdilər. Yuxarıdakı qonşunu məmnun etmək üçün məhəllə sakinləri əlacsız bu xərclərə razı olardılar. Bir müddət sonra məhəllə başbilənləri məhəllədə yeni dükan açdılar və dedilər ki, bu dükan yuxarıdakı qonşunun təklifi ilə açılıb. Hamı geyimini də, ərzağını da, başqa nə lazımdırsa hamısını bu dükandan almalıdır. Digər dükanlardan mal alanlar isə məhəlləyə buraxılmayacaq. Bir müddət sonra isə məhəllədə qərar qəbul edildiki, televizora baxmaq olmaz. Çünki televiziya kanallarında çıxış edənlər, yuxarıdakı qonşunu tanımırdılar və buna görə də onun əleyhinə fikirlər deyə bilərdilər. Məhəllə sakinləri yalnız məhəllə başbilənlərinin dedikləri kanallara baxa bilərdilər. Deyilənə görə bu kanallara yuxarıdakı qonşu da baxırmış.
       Vəziyyət artıq o yerə gəlmişdiki, yuxarıdakı qonşu balaca Məryəmin də oyunlarına qarışmağa başlamışdı. Amma valideynləri Məryəmə yuxarıdakı qonşunun uşaqları çox sevdiyini və onları dinlədiyini demişdilər. Amma onun bu fikri Məryəmi əsəbləşdirmişdi. Buna görə də balaca Məryəm yuxarıdakı qonşu ilə özünün danışıb, ondan niyə belə etmək istədiyini soruşmaq istəyirdi. Lakin, məhəllə başbilənlərinin dediklərini xatırladı. Onlar onun yanına çıxmaq istəyənlərin cəzalandırılacağını demişdilər. Amma balaca Məryəm uşaq cəsarəti ilə evdən çıxıb, pilləkənlərlə irəliləməyə başladı. Yarı-qorxu, yarı-cəsarət hissi ilə balaca 10-cu mərtəbəyə çatdı. Qapını döysə də, içəridən səs eşidilmədi. Qapı açıq idi, balaca kimsəsiz otaqda sadəcə bir güzgü gördü. Otaqda güzgüdən başqa heç bir şey yox idi. Balaca yavaş-yavaş güzgüyə yaxınlaşdı. Güzgüdə özündən başqa heç kimi görmədi. Sadəcə özünü gördü…

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"