Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"


Bu fotonu Masallıda, İstisuda olarkən çəkmişəm. Dilək ağacı və Nəzir qutusunun "vəhdəti"dir bu foto. 
     Dilək ağacına inam, hələ İslam dinindən öncəki dini-inanc formasıdır. İnsanlar bir dilək tutduqdan sonra, diləklərinin gerçəkləşməsi üçün, dilək ağacına bir parça və ya bez bağlayar, diləklərini edər və ağaca üfləyərək bu ritualı yerinə yetirmiş sayılırdılar. Ağaca parça bağlanması həm də, "Ağac Kultu" ilə bağlıdır. Belə ki, qədim Türklərdə təbiətdə hər bir varlığın sahibinin, yəni yiyəsinin(ruhunun) olması fikri vardır. Hal-hazırda Anadolu bölgəsində, Sibirdə və Altayda da ağaclara parça və ya bez bağlamaq qaydası qalmaqdadır. Bu, Türk toplumlarında müxtəlif adlara malikdir. Məsələn, Yakutlarda "salama", "sarama", Altayda "salam", "yalama" adlanır. Araşdırmaçı alimlər bu qərara gəlmişdirlər ki, inanclarından asılı olmayaraq, bütün Türk toplumlarında ağaclara parça və ya bez qırıqları bağlanması qaydası qalmaqdadır. Qədim Türklər ağacların yiyəsi olduğunu düşündükləri üçün, ağaca parça və ya bez bağlamaqla ağacın yiyəsini və ya ağacın ruhunu razı salmaq istəyirdilər. Ağacın yiyəsini razı saldıqda bolluq, bərəkət olacağına inanırdılar. Ağaca parça və ya bez qırıqlarının bağlanması bir növ ağacın ruhuna qurban verilməsi kimi də anlaşılır. 
    Nəzir qutuları isə İslamdan sonrakı dini inancla bağlıdır. Beləki insanlar çətinə düşdükdə,  işlərinin qaydaya düşməsi üçün nəzir edərlər. Bu nəzirlər fərqli olur. Nəzir qutuları isə nəzir pullarının yığılması üçündür. Adətən nəzir qutuları hansısa məscidin nəzarətini həyata keçirən insanlar tərəfindən qoyulur və yığılan pullar ya məscidin abadlıq işlərinə, ya da yoxsullara xərclənir. Masallıda çəkdiyim bu foto əslində bir tolerantlıq nümunəsidir. Yəni, istər İslamdan öncəki, istərsə də sonrakı dini inanclı insanlar arasında birlik yaradır. Kim hansı inancdadırsa artıq, ona uyğun nəzir edir. Və sonda Tanrı onların nəzirlərinin böyük-kiçikliyinin fərqinə varmadan onlar üçün xeyirli olanı verir. Dini inancınızdan asılı olmayaraq, istəklərinizi Tanrıdan diləyin.
Oxuduğunuz üçün təşəkkürlər...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"