Allah hər şeyi biləndir

Hücurat surəsi 16-cı ayədə deyilir:
      " (Ya Peyğəmbər! Bu bədəvilərə) de: " Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyi biləndir. "
  Allahın hər şeyi bildiyi həm də Əhzab (33) surəsi 54-cü ayədə verilir. Buradan bir fikir ortaya çıxır əgər Allah hər şeyi biləndirsə, deməli insan heç də azad iradəyə sahib deyil. Çünki, İslam mənbələri insanın edəcəyi əməllərə görə Cənnətə və ya Cəhənnəmə gedəcəyini vurğulayırlar. Yəni bizim - insanların sonumuzun öz əlimizdə olacağı qeyd olunur. Amma bu heç də bizdən asılı olan bir məqam deyil. Çünki hələ Adəm yaradılmazdan öncə Allah kimin Cənnətə kimin Cəhənnəmə gedəcəyini bilirdi. Belə olan halda, əgər mənim Cəhənnəmə gedəcəyim Allah qatında bilinirdisə, deməli mənim Cənnətə getmə ehtimalım yoxdur. Əgər Cənnətə getmə ehtimalım edəcəyim ibadətə bağlı idisə, deməli Allah heç də hər şeyi bilmir. O, sadəcə mənim sonumu ehtimal edir. Belə olan halda "Allah hər şeyi biləndir" ayəsi ilə bir ziddiyyət yaranır. Təsəvvür edin ki, Allah sizə seçməyiniz üçün bir yaşıl və bir qırmızı kart təqdim edir. Bu kartlar sizin sonunuzu bəlli edəcək. Amma, O, bu kartları sizə təqdim etmədən öncə sizin hansını seçəcəyinizi artıq bilir. Əgər, O, bilirsə ki, siz qırmızı kartı seçəcəksiz deməli siz heç bir halda yaşıl kartı seçə bilməzsiniz. Belə olan halda deməli, O, sizə ancaq qırmızı kartı seçməyiniz üçün təqdim edib. Yaşıl kart sizin üçün sadəcə olaraq mövcud deyil. Cənnət və Cəhənnəmin seçilməsi də eyni ilə bu kartların seçiminə bənzəyir. 
    Din alimləri bu bəhsdə Araf ((Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: 'Mən sizin Rəbbiniz deyiləmmi?' – soruşmuş, onlar da: 'Bəli, Rəbbimizsən!' – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: 'Biz bundan qafil idik'; 7/172) Həşr ((Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.; 59/21) və Əhzab (Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi; 33/72) surələrindən ayələr gətirirlər. Bu ayələri izah edərkən, "Allah bütün insanlardan bu ayələrə əməl edib-etməyəcəklərini soruşdu. İnsan əməl edəcəyik dedi və bundan sonra Allah bütün insanlığı verdiyi sözləri ilə bağlı olaraq imtahana çəkməyə başladı" deyirlər. Amma, burada gözardı edilən bir məqam var, Allah bu sualı insanlara verərkən onlara ancaq bir cavab kartı vermişdi "Edəcəyik". İnsanoğlunun başqa seçim şansı yox idi, çünki başqa seçim şansı Allahın qüdrətini şübhə altına alırdı. Bildiyi bir cavabı bizdən alıb, sonra bildiyi nəticəyə görə bizi əvvəlcədən bildiyi yerimiz olan Cəhənnəmdə yandırmağı heç də Allahın ədaləti, yaxşılığı sevməsi ilə bağlı olan Nəhl surəsi 90-cı ayəyə uyğun gəlmir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

"Günahsız Məryəm Ana"