Təhsilli Qadın - Təhsilli Bir Ailədir

     2016-cı ildə yayınlanmış statistikaya əsasən, həmin ilin son altı ayında Azərbaycanda 6000 boşanma olub. Bunlar hələ boşana bilənlərdi. Hər ailəyə orta hesabla bir uşaq nəzərə alınsa təxminən 18000 nəfərin məhv olmuş həyatı deməkdir bu.Bu ayrı mövzudur. Bir də var boşanmaq istəyibdə boşana bilməyən ailələr. Belə hallarda adətən qadınlar boşanmaq istəmirlər. Bir ona görəki, il 2017 olsa belə hələdə boşanan qadına cəmiyyət normal baxmır. İki də ona görə ki, adətən qadınlar öz ayaqları üzərində durmağa qorxurlar. Bunun da səbəbi aşkardı. Vaxtında heç bir təhsil almayan, peşə sahibi olmayan qadın, boşanandan sonra nə işlə məşğul olacağını bilmir. 
     Yuxarıda qeyd etdiyim birinci və ikinci bəndləri daha geniş şəkildə incələyəcək olsaq birinci bəndin, yəni boşanmış qadının cəmiyyətdə normal qarşılanmamasının səbəbkarı digər qadınlardır. Hər nə qədər də deyilsəki, kişilər cəmiyyət daxilində qadınları əzirlər, əslində qadınların birinci rəqibləri elə qadınlardır. Bir məhəllədə bir qadının adına nə isə bir ləkə yaxılırsa bu həmin məhəllənin qadınları tərəfindən olur. Bir ailədə gəlini sıxan hər zaman qayınana olur. Hal belə olanda yuxarıda qeyd etdiyim birinci səbəb mənfi xüsusiyyəti ilə boşanmaların sayını azaldır. Bu prosesin tərəfdarı deyiləm, ama əgər iki nəfər ailə ola bilmirlərsə fərd olmaqlarının daha xeyirli olacağını düşünürəm.
     İkinci bəndə gəldikdə isə, qadınların təhsil almalarının cəmiyyət üçün yararı təhsilli kişilərdən daha böyükdür. Çünki təhsilli qadın həm də təhsilli ailə deməkdir. Cəmiyyət üçün daha xeyirli olan bir övladın tərbiyəsi deməkdir - təhsilli qadın. Bizim bir cəmiyyət kimi bədbəxliyimiz ondadır ki, normal cəmiyyətin formalaşmasında əsas fiqur olan qadınlarımızın əksər hissəsi təhsilə sadəcə olaraq titul yarışı kimi baxır. "Mənim filankəsin qızından nəyim əksikdir" alqısı ilə təhsilə yanaşma manqurt sürüsündən başqa bir şey yaratmır. Əgər 10-15 il əvvəl Azərbaycanın rayonlarından ali təhsil ocaqlarına daha az qız övladı göndərilrdisə bugün bu say artıb. Bu sayın artmasında təbii faktorlardan əlavə qeyri-təbii faktorlar da var. Əvvəllər rayonlardan şəhərə ancaq oğlanlar göndərilirdi. Şəhərə gəlib, burda ali təhsil alan gəncin düşüncəsi istər-istəməz dəyişilirdi və o öz rayonunda olan təhsilsiz bir qızla ünsiyyət qurmaqda çətinlik çəkəcəyini düşünərək, şəhərdə qalmağa və orada ailə qurmağa üstünlük verirdi. Vəziyyətin belə olduğunu görən "övladının gələcəyini düşünən valideynlər" ya öz biliyi hesabına, ya pul vasitəsilə qız övladlarının universitetə qəbul olmaqlarına çalışdılar. Diplomlu olmağı onu həm 15 yaşında ailə qurmaq problemindən bir neçə illiyinə azad edəcəkdi, həm də universiteti bitirdikdən sonra savadlı biri ilə ailə qurmasına şərait yaradacaqdı. "Nə də olmasa qız ali təhsillidir". Yenədə burda düşünülən qızın bir fərd olaraq inkişafı yox , daha yaxşı biri ilə ailə qurmasıdır. Və bu sadaladığım proses yuxarıda qeyd etdiyim kimi bir müddət sonra 6000 ailənin boşanmasına gətirib çıxarır. Bugün valideynlərin başlıca məqsədi qızlarına bir fərd kimi yetişməkləri üçün təhsil vermək olmalıdır.  
    Atatürk necə deyir: " Millətimiz güclü bir millət olmalıdır. Bunun əsaslarından biri də qadınlarımızın hər sahədə yüksəlməsini təmin etməkdir. Buna görə də qadınlarımız elm və fənn sahibi olacaqlar və kişilərin keçdikləri bütün təhsil mərhələlərini keçəcəklərdir.  Anaların övladlarına verəcəkləri tərbiyə keçmiş zamanlardakı kimi sadə deyildir. Lazımlı xüsusiyyətləri daşıyan bir övlad yetişdirmək, bir çox xüsusiyyətləri özlərində daşımaqlarına bağlıdır. Bu səbəblə qadınlarımız hətta kişilərdən daha çox savadlı, daha məsuliyyətli, daha çox dünyagörüşlü olmağa məcburdurlar."
    Əgər Atatürk düşüncələri rəhbər tutulmasa, təhsilə sırf daha yaxşı yoldaş tapmağa vasitə kimi baxılsa qadınlarımızın işi vaxtilə Sabirin dediyindən o tərəfə keçməyəcək. Necə deyir Sabir: "Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət, biri həm axırı ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsı var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət, anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət…."

Yorumlar

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"