"Tanrının dili"

      Rəsul ilk dəfə idiki, din tarixi dərsində olurdu. Bu fənnə Rəsulun böyük marağı vardı. O düşünürdü ki, müəllim ilk dinlərdən başlayaraq ən sonuncuya qədər ona məlumat verəcək. Amma bu heç də belə olmadı.  Müəllim otağa sağ ayağı ilə daxil olub "Bismillah" dedikdən sonra sözə başladı:
- "Bildiyiniz kimi ən doğru din sonuncu din olan İslam dinidir. Ondan əvvəlki səmavi dinlər istisna olmaqla digərləri insanların özlərinin uydurduqları dinlərdir. Səmavi dinlərin kitabları isə təhrifə məruz qaldığı üçün biz bu kitablar haqqında məlumatı da Qurandan oxuyacağıq. Aranızda ərəb dilini bilən varmı?"
        Rəsul orta məktəbin 9-cu sinfində oxuyurdu. Məktəbin direktoru baş alıb gedən dini ekstremizmə qarşı məktəbdə şagirdlərə dini təhsil verilməsinin daha faydalı olacağını düşünürdü. Belə olduqda şagirdlər gerçək dinin necə olduğunu anlayacaq və ekstremist cərəyanlardan kənarda duracaqdılar. Rəsulun ailəsi dindar ailə deyildi. Ama digər müsəlmanlar kimi onlar da Allaha inanır, qəlblərini təmiz saxlamağa çalışırdılar. Rəsulun valideynləri məktəbdə din dərsinin keçirilməsini eşitdikdə bir xeyli sevinmişdilər. Onlar düşünürdülərki, bəlkə övladları dindar olub, onları da haqq yoluna aparar. Həmdə namaz qılıb, oruc tutan adam üçün qapılar açıq idi. Bu şərtlərə əməl edənlərin düzgün şəxslər olduğuna inam böyük idi.
        Rəsul dinlərə böyük maraqla yanaşırdı. Ona dini əhvalatlar daha maraqlı gəlirdi. Uşaq vaxtı rayonda nənələrinin, yas yerlərində mollaların danışdıqları mövzulara çox maraqla qulaq asırdı. O bilirdiki yer üzündə xeyli din var. Qarşısına məqsəd qoymuşduki, böyüyəndə bu dinlər haqqında oxuyacaq və hamısını biləcəkdir. Ona görə də din dərsi Rəsulun xəyallarına doğru atılan bir addım olmuşdu.
     Rəsulun ilk düşüncəsi ən doğru din fikri üzərində oldu. O düşünürdüki yer üzündə onun hələ adını bilmədiyi nə qədər din var. Əgər müəllim ən doğrusunu tapıbsa demək ki, digərlərini də araşdırıb. Çünki Rəsula öyrətmişdilərki, iki fikirdən hansının daha düzgün olduğunu bilməyi üçün hər iki fikri araşdırmaq lazımdır. Müəlliminin bu qədər bilgili olduğunu düşündükdə Rəsulun dərsə olan marağı daha da artdı. Müəllimin sualına gəldikdə isə Rəsul və digər yoldaşları ərəb dilini bilmirdilər. Sadəcə bəzi ümumişlək sözləri tanıyırdılar. Bunu biləndən sonra müəllim təəssüfləndi və onlara ərəb dilini öyrətmək lazım olduğunu söylədi. Bundan sonra müəllim İslam dinindən danışmağa başladı. Bu dünyanın imtahan olduğunu, əsas o biri dünyanın olduğunu söylədi. İslamın beş əsas şərtini dilə gətirdi. Qiyamət günündən, Cənnət və Cəhənnəmdən danışdı. Günah və savabın nə demək olduğunu anlatdı. Lakin müəllim Quranı oxuya bilmələri üçün ərəb dilini bilməklərinin faydasını qeyd edirdi. Tərcümələrə baxmayaraq ən yaxşısı ərəbcə oxumaq olduğunu deyirdi. Namazın sözlərinin ərəbcə deyilməsinin şərt olduğunu deyirdi. Rəsulun "Olmazki öz dilimizdə qılaq namazımızı?" sualına müəllim "Olmaz" cavabı verdi. Rəsul isə düşünürdü, "Tanrı yalnız ərəbcəmi bilir?", "Əgər Tanrı bu dini bizim anlamamız üçün göndərmişdisə onda niyə biz bunları anlamırıq?". Rəsul bu sualları müəlliminə verdikdə müəllimi ilk öncə əsəbləşdi, sonra davam elədiki, "Sən bu sözləri öz dilində desən ərəb dilində olduğu kimi geniş məna verməyəcək, həmdə Tanrı, daha doğrusu Allah Quranı ərəb dilində nazil edib". Rəsul öz-özünə əsəbləşmişdi. O düşünürdüki, Tanrı onu sevmir, çünki sevsəydi onu ərəb kimi yaradardı, o da ərəb dilində bilib, Tanrını daha tez başa düşərdi. Amma nə etmək olardı, demək ki, bu da bir imtahan idi.
     Dərsdən sonra Rəsul evə gedəndə fikirli idi. Evdə valideynlərinə ərəb dilini öyrənmək istədiyini bildirdi. Valideynləri bu fikri müsbət qarşıladılar. Rəsul sevinirdi. Sevinirdiki, dərsdən bəri beynini yeyib bitirən suala cavab tapmışdı. Artıq Rəsul Qiyamət günündə Tanrı ilə Tanrının anladığı dildə danışa biləcəkdi. Bəlkə bu zaman Rəsul Tanrını, Tanrı da Rəsulu daha yaxşı anlayardı...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"