Vətəndən qaçmaq yoxsa "Qəhrəman arketipi" ?

    Arketip anlayışı psixologiya elminə Jung tərəfindən gətirilmişdir. Carl Gustav Jungun yaratdığı analitik psixologiyanın ən əsas tərəfi kollektiv şüur xarici və içərisindəki arketiplərdir. Arketip sözünün mənası şablon, qəlib deməkdir. Jung-a görə kollektiv şüurxarici (tr: bilinçdışı, en:collective unconscious) bütün insanlıqda ortaq olaraq vardır və soya bağlı olaraq atalardan gəlir. Özündə bütün keçmişi ehtiva edir və nağıllar, hekayələr, dini rəvayətlər vasitəsilə özünü biruzə verir. Arketiplər ilk örnəklərdir, əsrlərlə davam edən təcrübə nəticəsində yaranır və insan doğularkən bu arketiplərlə doğulur. Yəni Junga görə insan "ağ bir səhifə kimi" doğulmur. Əksinə o doğulduğu dünyanı özündə ehtiva edən gizli simvollara (arketiplərə) sahib olaraq doğulur və dünyada yadlıq hiss eləmir. Buna görə də bir uşaq doğulduqda kollektiv şüur xaricindəki ana arketipi sayəsində anasını tanıyır.
     Bu arketiplərdən ən önəmlilərindən biri də mərhələ arketipidir. Bu arketipə həm də qəhrəman arketipi və ya monomitos da deyilir. Bu arketipə daha çox nağıllarda, dastanlarda rast gəlinir. Beləki, qəhrəman öz yurdunu tərk edib uzaq bir səfərə çıxar və tanımadığı bir ölkəyə gələr. Yol boyunca çoxlu macəralardan keçər və nəticədə bir mükafat alıb ölkəsinə qayıdar. Geri qayıdanda qəhrəman artıq çox dəyişmiş olar və gətirdiyi mükafat sosio-iqtisadi və psixoloji olaraq dəyişməyi təmsil edər.
     Ümumi olaraq böyük axtarışlar, kəşflər, qurtuluşlar Jungun qəhrəman arketipi vasitəsilə ifadə olunur. Böyük Coğrafi Kəşflər bu düşüncəni təsdiq edən hadisələrdən biridir.  Kənddən şəhərə köç mövzusu ilə bağlı aparılan araşdırmalarda kənddən şəhərə köçənlərin və ya heç olmasa gəzib-görmək məqsədilə də olsa şəhərə gələnlərin sosio-iqtisadi və psixoloji cəhətdən gücləndikləri ortaya çıxmışdır.  Köç edib, güclənib geri dönənlərə misal olaraq İslam peyğəmbəri və onunla bərabər hicrət edən müsəlmanları göstərmək olar. Beləki onlar Mədinəyə köç etdikləri zaman müəyyən bir mərhələdən keçiblər və geri qayıtdıqlarında mükafatları Məkkəni fəth eləmək olub. Buna görə İslam dünyasında tarixin başlanğıcı olaraq hicrət götürülür. Nə Məhəmməd peyğəmbərin doğuluşu, nə Məkkənin fəthi, nə də başqa bir tarix. Məhz hicrət hicri təqviminin əsasını qoyur. Köç etməklə bağlı araşdırmalar aparan Erikson ərgənlik dönəmindəki gənclərin təhsillərinə bir müddət ara verib, özlərini dərk etmələri üçün uzaq yerlərə səyahət etmələrinə "moratorium"deyir. Onun fikrinə görə moratoriumdan geri qayıdan gənclər ruhi, psixoloji və toplumsal olaraq daha da güclənir və daha dəqiq qərarlar qəbul edirlər.
    Son bir neçə ildir Azərbaycandan baş götürüb qaçmaq istəyən gənclərin sayı durmadan artır. Burada hər nə qədər yerli şəraitin də rolu olsa, gənclərin həmdə inkişaf etmək istəkləri rol alır. Sadəcə bir məsələ var ki, ölkədən gedən gənclərin çoxu qayıdıb qazandıqları mükafatı ölkəyə gətirib, toplumsal dəyişiklik etmək əvəzinə ümumiyyətlə bir daha geri dönməmək şərtilə ölkədən qaçırlar. Təhsil adı ilə gedən gənclərimiz getdikləri ölkədə köçkün kimi qalmağa üstünlük verirlər, nəinki geri dönüb ölkəni yaşanıla biləcək bir yer halına gətirməyə. Bizim kimi toplumlarda Mixaylovski təbirincə desək qəhrəmanlar əsas rol oynayırlar. Kütləni özləri ilə çəkib apara və müəyyən bir yerə gətirə biləcək şəxlərdir - qəhrəmanlar. Lakin bizim qəhrəmanlarımız ola biləcək şəxslər, yad yerdə köçkün kimi yaşamağa üstünlük verirlər. Bəlkə də toplum olaraq başlıca dərdimiz elə budur. Başlıca dərdimiz odur ki, biz "gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" məsəlini həyat prinsipinə çevirmişik. Tanrı insanı Cənnətdən qovdu ki, geriyə qayıdışı möhtəşəm olsun. Biz isə yenidən Cənnətə qayıtmaq yox, bir yer tapıb ömrümüzü sonlandırmaq istəyirik. Sonumuz Kain kimi qurd-quşa yem olmaq olsa belə...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"