İslamda Milliyyətçilik

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah qatında ən üstün olanınız ondan ən çox qorxanınızdır (təqvalı olanınızdır). Həqiqətən Allah biləndir, xəbərdardır."
Bu ayə Quranın 49-cu surəsi olan Hucurat surəsinin 13-cü ayəsidir. Millətlərin yaradılması ilə bağlı Quranda bu ayə verilir və göstərilir ki, Allah qatında üstün olanınız millətindən asılı olmayaraq daha çox təqvalı olanınızdır. İslamın qəbul etdiyi milliyyətçilik sadəcə olaraq öz millətini sevməkdir. Vasilə b. Əl-Əsqa deyir ki: "Peyğəmbərdən insanın millətini sevməsi əsəbiyyət/irqçilik sayılırmı?" deyə soruşdum. "Xeyr, kimsə millətini sevdiyinə görə günahlandırıla bilməz. Əsəbiyyət/irqçilik insanın millətinin etdiyi zülmlərə yardım etməsidir" deyə buyurdu. (Əhməd b. Hənbəl 4/107 ; "Məcmauz-zəvaid, 6/244). İslamın qəbul etdiyi milliyyətçilikdə kimsə öz millətini digərindən üstün tuta bilməz. "Rəbbiniz bir olduğu kimi, atalarınız, dininiz və peyğəmbəriniz də birdir. Ərəbin əcəmdən (ərəb olmayandan), əcəmin ərəbdən heç bir üstünlüyü olmadığı kimi, qırmızının qaradan, qaranın qırmızıdan heç bir üstünlüyü yoxdur. Heç bir millətin digərindən üstünlüyü yoxdur, üstünlük yalnız təqva ilədir." (İbn Nəccar). "Müsəlmanlar qardaşdır, təqva əhli xaric, kimsənin kimsədən üstünlüyü yoxdur." (Tabərani, Əbu Nuaym). İslama görə yalnız möminlər bir-birlərinə qardaşdırlar. Hucurat surəsi 10-cu ayədə deyilir: "Möminlər həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin." Tövbə surəsi 23-cü ayədə isə deyilir: " Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar." Bu ayələrdən görünən odur ki, İslamı qəbul etməyən biri ilə ailədən olsa belə dostluq qəbul edilmir. Belə olan halda millətin İslamı qəbul etməyən  fərdləri ilə dostluq necə qəbul edilə bilər? İslam peyğəmbəri Məhəmməd ibn Abdullaha görə irqçilik həddinə çatdırılmış milliyyətçilik (yəni bir milləti digərindən üstün görmək) "cahiliyyə dövrü davası" mənasını verən "əsəbiyyəti-cahiliyyə" adlanır. "Allah cahiliyyə öyünmələrini sizin aranızdan qaldırdı. Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradıldı." (Tirmizi). Hədislərin birində deyilir: "Əsəbiyyət davasına qalxan, onu yaymağa çalışan, bu dava uğrunda mübarizə aparan insan bizdən deyildir." (Əbu Davud, Ədəb, 121). Digər bir hədisdə isə deyilir: "Kim istəklərinə uyaraq batil yolda vuruşarsa, qövmiyyətçiliyə çağırarsa və qövmiyyətçiliyin şövqü ilə qəzəbə qapılarsa, cahiliyə ölümü ilə ölər." (İbn Macə, Fitən 7). Ümmətin məhv olması ilə bağlı səbəblərdən biri kimi də irqçilik göstərilir. Hədisdə qeyd edilirki: " Ümmətimin həlak olması üç şeydən olacaqdır:
1. Qədəriyə (yəni qədəri (taleyi) inkar etmək) davası
2. Unsuriyyət (irqçilik) davası
3. Dini məsələlərdə boşluq buraxmaq. (Tabərani, Mucəmüs-Sağir, 158)
Yuxarıda yazılanlardan da anlayacağınız üzrə İslamda qəbul edilən milliyyəçilik sadəcə öz millətini sevməkdir. Burada qeyd edilən irqçilik bir millətin digərindən üstün tutulmasıdır. Bundan əlavə İslamı qəbul etməyənləri özümüzə dost bilməmək buyurulur, bunu nəzərə alsaq gərək İslamı qəbul etməyən digər Türkləri öz millətimizdən saymayaq və onları özümüzə dost bilməyək. Maidə surəsi 51-ci ayədə deyilir : "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə,o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz." İslama görə Türkü necə seviriksə, ərəbi, farsı da elə sevməliyik. Hüseyn Nihal Atsız isə buyururki, "Əgər sən Türk millətçisiyəm, ama ərəbi, farsı da sevirəm deyirsənsə, sən milliyyətçi yox, kosmopolitsən". Burdan da bu fikir ortaya çıxır ki, İslam və Türklük davaları ziddiyyət təşkil edir. Ya İslam davası aparılmalıdır, ya da Türklük. Əks halda İslamdan və Türklükdən kənar İslam-Türk davası aparmış olarıq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Dilək ağacı və Nəzir qutusunun "Vəhdəti"

Allah hər şeyi biləndir

"Günahsız Məryəm Ana"